Sənayeləşmə dövründə insanlar üçün şəhərin səs-küydən kənarda dağlarda, meşə ərazilərində, çay və göl ətrafında yerləşən kəndlərdə dincəlmək və səmərəli istirahət etmək maraqlı və əyləncəlidir.
İnsanların bu cür istirahət növünə üstünlük verməsi isə kənd turizminin canlanmasına və inkişaf etməsinə səbəb olub. Kənd turizmi dedikdə, kənd mühitində yataq yerləri ilə təmin etməyə yönəlmiş kompleks turizm xidmət növü nəzərdə tutulur. Dünyanın bir çox ölkələrində bu turizm növü sürətlə inkişaf etdirilir. Xüsusilə Türkiyə və Avropanın bir çöx ölkələrində kənd turizm sahəsinə xüsusi maraq göstərirlər. Bu turizm fəaliyyəti ilə əsasən kənd sakinləri məşğul olur. Onlar turistləri öz evlərində qonaqlayır və onlara müxtəlif xidmətlər təklif edir. Belə ki, bu xidmətlərə bələdçilik, sürücülük, qidalanma və s. aiddir. Kənd turizmi sayəsində turistlər yerli adət- ənənələrlə və mətbəxlə yaxından tanış olur, gəzib-görməli yerləri ziyarət edir.
Bəs bu fəaliyyətin əsas faydaları nədir?
Kənd turizminin inkişafı nəticəsində kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin gəlirinin artmasında və həyat tərzinin yaxşılaşmasında, işsizlik və yoxsulluğun azalmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda yerli camaatın ənənələrinə sadiq qalmasına, mədəniyyətin təbliğinə, bölgələrdə yerləşən təbii-coğrafi və mədəni-tarixi əhəmiyyəti olan turizm obyektlərin artırılmasına, təbiətin qorumasına və gözəlləşdirilməsinə təkan verir. Həmçinin bu turizm fəaliyyətinin inkişafı bilavasitə kənddən şəhərə olan axının qarşısını alır.
Məhz bu faydalara görə son illərdə Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi prioritetləşdirilib. “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi də İsmayıllı regionunda kənd turizmi fəaliyyəti vasitəsilə sahibkarlığın təşviq edilməsini və əhalinin rifahını yaxşılaşdırmağı hədəfləyir.