Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Lənkəran, Lerik və Astara regionundan olan iştirakçılara Şirəli Ələkbərov tərəfindən “Kənd turizmi və Brendinq” təlimi keçirilib.
Bəs təlimçimiz Şirəli Ələkbərov kimdir?
Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarətin Təşkili və İdarə Olunması” ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra magistr təhsilini Tükiyənin İstanbul Universitetində “Biznesin İdarə Olunması” üzrə davam etdirmişdir. Şirəli Ələkbərov “Seyhan Pastaneler Zincirində”, “Fərdi Sahibkarlıq”-da marketinq direktoru, Baku Electronics-də Siemens, Bosch brendlərinin marka müdiri, kateqoriya meneceri, marketinq departamenti direktoru vəzifələrində çalışmışdır. Hal- hazırda isə iş karyerasını 360Marcom (Marketing and Advertising) şirkətində qurucu direktor vəzifəsində davam etdirir.
Təlimdə “Kənd turizmi biznesinin qurulması”, “Kənd turizmi biznesi necə işləyir?”, “Qonaq evinin müvəffəqiyyətli şəkildə tanıdılması üçün nə etmək lazımdır?”, “Qonaq evlərində müştəri məmnuniyyəti” və s. kimi mövzular müzakirə olunub.
